Avstraliyanın Monaş Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma gündəlik qidalanma vərdişlərinin beyin sağlamlığına birbaşa təsirini üzə çıxarıb. Tədqiqatçılar müəyyən ediblər ki, rasionda ultra-emal olunmuş qidaların (çipsi, hazır şirniyyatlar, fast-food və s.) miqdarının çoxluğu diqqət dağınıqlığına və gələcəkdə demensiya (ağıl zəifliyi) riskinin artmasına səbəb ola bilər.
Gündəm24.az xəbər verir ki, tədqiqat zamanı 2200 orta yaşlı şəxsin qidalanma rejimi təhlil edilib. Araşdırmanın rəhbəri, bio-kimyaçı Barbara Kardoso bildirib ki, rasionda bu növ qidaların payının hər 10% artması (təxminən gündəlik bir standart paket çipsi deməkdir) insanın fokuslanma qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnir.
Mütəxəssislərin fikrincə, problem yalnız qidalardakı həddindən artıq şəkər, duz və piylərdə deyil. Dərin emal prosesi zamanı məhsul faydalı maddələrini itirir, tərkibindəki kimyəvi qatqılar isə beyin toxumalarına və damarlarına zərər verə bilər. Alimlər qeyd edirlər ki, hər nə qədər bu araşdırma çipsinin birbaşa demensiya yaratdığını tam sübut etməsə də, koqnitiv sağlamlığın qorunması üçün işlənmiş məhsullardan uzaq durmağı tövsiyə edirlər./NOCOMMENT.az














