Rusiyanın İrkutsk vilayətində taunla bağlı yayılan məlumatlar Azərbaycanda epidemioloji vəziyyətə təsir edə bilərmi?
Gündəm24.az ajans.az-a istinadən xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində bir şəxsin taun xəstəliyindən öldüyü və onunla təmasda olmuş ola biləcək şəxslərin karantinə alındığı barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Ajans.az-a bildirilib ki, İrkutsk vilayətində taunla bağlı yayılan məlumatlar nəzarətdə saxlanılır.
“Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər”, – deyə cavabda qeyd olunub.
Bildirilib ki, Azərbaycanda son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır.
Nazirlikdən vurğulanıb ki, Rusiyadan Azərbaycana gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun şəkildə həyata keçirilir.
Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında aparıla bilər.
Mərkəzin bu istiqamətdə müayinələrin həyata keçirilməsi üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunduğu bildirilib. Qeyd edilib ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir.
Bəs taun necə yayılır?
Səhiyyə Nazirliyindən bildirilib ki, taun əsasən təbii ocaqlı infeksiyadır və onun törədicisi Yersinia pestis bakteriyasıdır.
Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir. İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas nəticəsində, bəzi hallarda isə xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər.
Nazirlik qeyd edib ki, taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır.
Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət yoxdur.
Vətəndaşlara isə yalnız rəsmi məlumatlara istinad etmək tövsiyə olunub.














