Bakıda dəyişkən iş qrafiki Dövlət Proqramına uygun olaraq həyata keçiriləcək.
Gündəm24.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O xatırladıb ki, bununla bağlı artıq Dövlət Proqramında konkret zaman müəyyənləşdirilib:
“Belə ki, həmin proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB, eləcə də Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən dəyişkən iş qrafiki ilə bağlı 2025-ci ildən başlayaraq təhlillərin aparılması həyata keçirilir. Artıq təhlillər yekunlaşmaq üzrədir. Bu o deməkdir ki, təhlillər yekunlaşandan sonra həmin qiymətləndirməyə əsasən siyahı hazırlanacaq və həmin siyahı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”.
Deputat bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra isə dəyişkən iş qrafikinə keçid təmin olunacaq:
“Bu, xüsusən də sektorlar üzrə dəyişkən iş qrafikinin tətbiq olunması deməkdir. Sözsüz ki, dövlət sektoru üçün dəyişkən iş qrafiki icbari olacaq, özəl sektor üçün isə tövsiyə xarakteri daşıyacaq. Proqrama əsasən, dəyişən iş qrafiki Azərbaycanda 2026-cı ildə, yəni bu il artıq tətbiq olunmalıdır”.













