“Axios” portalı mənbələrə istinadən məlumat yayıb ki, İran ABŞ-yə münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib.
“Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib”,–nəşr qeyd edib.
İranın bu addımı regionda gərginliyi azaltmağa hesablanmış real kompromis təşəbbüsüdür, yoxsa vaxt qazanmaq və sanksiyaların yumşaldılmasına nail olmaq üçün taktiki manevrdir?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar İranın ABŞ-yə göndərdiyi bu təklifi xüsusilə Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və nüvə proqramı üzrə danışıqlara keçid kimi elementlər beynəlxalq enerji təhlükəsizliyi və qlobal bazarlar üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, bu baxımdan rəsmi Tehran müəyyən mənada qarşılıqlı asılılıqları nəzərə alaraq daha praqmatik xəttə yaxınlaşdığını nümayiş etdirməyə çalışır:
“Eyni zamanda, ABŞ ilə birbaşa və ya dolayı razılaşma ehtimalının gündəmə gəlməsi region ölkələri üçün də müəyyən sabitlik siqnalı kimi qəbul oluna bilər. Bununla belə, bu təşəbbüsün tam şəkildə strateji kompromis olduğunu söyləmək üçün hələ tezdir. İranın əvvəlki danışıqlar təcrübəsi göstərir ki, bu tip təkliflər çox zaman paralel olaraq vaxt qazanmaq, sanksiyaların təsirini azaltmaq və daxili iqtisadi təzyiqləri yumşaltmaq məqsədi də daşıyır. Xüsusilə “blokadanın ləğvi” kimi ilkin şərtin irəli sürülməsi danışıqlarda balansın İranın xeyrinə dəyişdirilməsinə yönəlmiş taktiki gediş kimi də qiymətləndirilə bilər”.
Ü.Zülfiqar qeyd edib ki, bu təşəbbüsü həm real kompromis axtarışı, həm də taktiki manevr elementlərini özündə birləşdirən hibrid yanaşma kimi dəyərləndirmək daha doğru olar:
“Prosesin hansı istiqamətdə inkişaf edəcəyi isə tərəflərin qarşılıqlı etimad yaratmaq üçün konkret və ardıcıl addımlar atmasından asılı olacaq”.














