“Tehran Ukraynanı İran ticarət gəmisinə hücumda ittiham etməklə yanaşı, bunu BMT Nizamnaməsinin pozulması və İsrailin Avropanı münaqişəyə cəlb etmək cəhdi kimi təqdim edir”.
Gündəm24.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
O bildirib ki, İranın bu bəyanatı Ukrayna ilə onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər:
“Ukrayna Prezidenti Volodimir Zelenski isə Xəzər dənizində İranla əlaqəli hərbi yüklərin daşınmasında istifadə olunduğunu bildirdiyi gəmilərə zərbələr endirildiyini təsdiqləyib. Bu isə hadisənin hüquqi və siyasi qiymətləndirilməsi ətrafında tərəflər arasında ciddi fikir ayrılığının olduğunu göstərir.
Əgər tərəflərin ritorikası daha da sərtləşərsə, bu hadisə Rusiya–Ukrayna müharibəsinin coğrafiyasını və diplomatik təsirlərini genişləndirə bilər. İranın məsələyə Avropa İttifaqını və Rusiyanı cəlb etməsi, eləcə də cavab veriləcəyini bəyan etməsi göstərir ki, Tehran hadisəni təkcə ikitərəfli insident kimi deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirir. Bununla belə, İranın hansı formada cavab verəcəyi hələlik məlum deyil və yaxın günlərdə diplomatik kanalların, yoxsa daha sərt addımların üstünlük təşkil edəcəyi regional təhlükəsizlik baxımından həlledici olacaq”.














