ABŞ və İran arasında aylarla davam edən hərbi qarşıdurma fonunda diplomatik kanallarda yenidən hərəkətlilik müşahidə olunur. Tehran Vaşinqtona danışıqların bərpası və müharibənin başa çatdırılması üçün yeddi şərtdən ibarət təkliflər paketini çatdırıb. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin açıqlamasına görə, bu şərtlər Qətər vasitəsilə ABŞ tərəfinə təqdim edilib. Tehranın əsas tələbləri hərbi əməliyyatların bütün cəbhələrdə dayandırılması, ABŞ-nin İrana qarşı dəniz blokadasını aradan qaldırması və dondurulmuş İran aktivlərinin azad edilməsidir. Bundan başqa, İran iqtisadi və siyasi sanksiyaların ləğvini, ABŞ-nin bölgədəki hava və dəniz qüvvələrinin çıxarılmasını, müharibə təzminatının ödənilməsini, həmçinin təhdid və təhqirlərə son qoyulmasını tələb edir. Görünən budur ki, Tehran danışıqlara qayıdış üçün şərtlərini kifayət qədər konkret şəkildə ortaya qoyub. Bu addım ABŞ prezidenti Donald Trampın İranla bağlı növbəti qərarını nəzərdən keçirdiyi bir vaxtda baş verir. Eyni zamanda, İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka yola düşməsi diplomatik təmasların intensivləşməsi ehtimalını artıran amillərdən biri kimi diqqət çəkir.
Qətər kimi vasitəçilərin iştirakı ilə yenidən qurulan diplomatik kanal real danışıqlar mərhələsinə keçə biləcəkmi?

Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“İran müəyyən mənada ABŞ-dən qarşılıqlı təmkin və gərginliyin azaldılmasını istəyir. Bundan sonra danışıqlara başlayaraq atəşkəsə və sülhə nail olmağa çalışır. ABŞ prezidenti Donald Tramp da İranın ABŞ ilə danışmağa can atdığını bildirir. Bu da göstərir ki, İran həqiqətən də ABŞ ilə diplomatik danışıqlarda maraqlıdır və artıq bu istiqamətdə müəyyən proses başlayıb. Pezeşkian BMT-də çıxış etmək üçün ABŞ-yə yola düşüb və Tramp onunla görüşə biləcəyini bildirib. Bundan əvvəl tərəflər arasında İslamabad memorandumu imzalanmışdı. Bununla belə, hesab edirəm ki, tərəflər bu mərhələdə SEPAH-ın qarşısını almağa çalışa bilər. Çünki SEPAH İran prezidentinin siyasi mövqeyinin və reytinqinin yüksəlməsində maraqlı deyil. Görüş baş tutsa belə, onun dərhal həlledici nəticə verəcəyini düşünmürəm. Bu, daha çox tərəflərin mövqelərini birbaşa çatdırması baxımından əhəmiyyətli olan siyasi görüş ola bilər. Çünki İranda xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı qərarların qəbulunda SEPAH əsas güc mərkəzidir. Hesab edirəm ki, ABŞ və İran arasında qarşıdurmanın ən azı noyabr ayının sonlarına qədər davam etməsi mümkündür. ABŞ hələlik İranın irəli sürdüyü şərtləri qəbul etməyəcək və tərəflər arasında danışıqların nəticəyə çevrilməsi üçün kifayət qədər ciddi fikir ayrılıqları qalacaq. Amma ciddi hərbi esklasiya gözlənilmir”.













