Məlum olduğu kimi, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə birbaşa görüşməyə hazır olduğunu açıqlayıb. Zelenski bildirib ki, Putin dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirak edərsə, onunla görüşməyə hazırdır.
Ukrayna liderinin “əsas olan nəticədir” mesajı Kiyevin mümkün danışıqlara yanaşmasında müəyyən dəyişiklik kimi qiymətləndirilə bilər.
Bəs Zelenskinin bu açıqlaması real sülh danışıqlarının başlanmasına zəmin yarada bilərmi? Putin belə görüşə razılaşarsa, tərəflər hansı məsələləri müzakirə edə bilər? ABŞ və digər Qərb ölkələrinin mövqeyi necə olacaq? Ən əsası, bu görüş müharibənin sona çatmasına aparan real siyasi prosesin başlanğıcı ola bilərmi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloqun sözlərinə görə, Vladimir Putinin Zelenski ilə görüşə razılaşması Rusiya daxilində müəyyən narazılıqlara səbəb ola bilər:
“Çünki Putin müharibənin ilk günlərindən etibarən Ukraynanın hazırkı hakimiyyətini “banderaçı” adlandıraraq onlara qarşı mübarizə aparmağın zəruriliyindən bəhs edirdi. İndi isə Zelenski hökuməti ilə yenidən əl sıxışmaq, əlbəttə, Rusiya daxilində müəyyən narazılıqlar yarada bilər. Amma unutmayaq ki, Rusiyada avtoritar hakimiyyət mövcuddur və belə narazılıqların qarşısını almaq, onları boğmaq hakimiyyət üçün o qədər də çətin deyil”.
Politoloq hesab edir ki, Zelenski ilə Putinin görüşü müxtəlif formatlarda keçirilə bilər. Onun fikrincə, burada vasitəçinin iştirakı da mühüm rol oynaya bilər:
“Bu görüş müxtəlif formatlarda keçirilə bilər: təkbətək görüş də ola bilər, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar da. Təbii ki, burada müəyyən vasitəçinin olması vacibdir. Mən ikitərəfli danışıqların keçiriləcəyinə o qədər də inanmıram. Lakin hansısa digər liderin – məsələn, ABŞ prezidenti Donald Trampın və ya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə üçtərəfli görüş keçirilə bilər. Bu görüşün baş tutması üçün ilk növbədə Rusiyanın cəbhə xəttində zəifləməsi lazımdır. Moskvanın belə bir görüşə razılaşması üçün ABŞ-nin Rusiyaya qarşı təzyiqləri, o cümlədən sanksiyalar maksimum səviyyəyə çatdırılmalıdır. Əks halda Moskva müqavimət göstərməkdə davam edəcək. Yəni Ukrayna prezidenti ilə görüşmək nə Putinin, nə də Rusiya hakimiyyətinin ürəyincədir. Çünki onlar əvvəldən məhz Zelenski və onun hakimiyyətinə qarşı mübarizə apardıqlarını bildiriblər. Putin Zelenski ilə görüşməklə onu siyasi baxımdan müəyyən mənada legitimləşdirmək istəməyəcək”.
Zeynal Əmrəliyev Moskvanın Ukraynanın daxili siyasi vəziyyətinə də təsir göstərməyə çalışdığını düşünür:
“Hazırda Moskva mümkün qədər çalışır ki, Ukrayna daxilində siyasi çaxnaşma yaransın və yeni qüvvələrin, xüsusilə də Rusiyaya meyilli qüvvələrin hakimiyyətə gəlməsi üçün şərait formalaşsın. Bundan sonra isə həmin qüvvələrlə Rusiyanın maraqlarına uyğun, Ukraynanın kapitulyasiyasına hesablanmış bir razılaşma əldə etməyə çalışa bilərlər. Ancaq onlar yaxşı bilirlər ki, Qərbin dəstəklədiyi Volodimir Zelenski belə bir razılaşmaya qətiyyən getməyəcək”.














