Şahzadə Harri, Kim Kardaşyan, Kurt Kobain və Brüs Sprinqstin də adı çəkilən adlar arasındadır.
Gündəm24.az xəbər verir ki, Fox News telekanalı məlumat yayıb ki, ABŞ-da Ceffri Epşteyn işi ilə bağlı yeni qalmaqal yaranıb. ABŞ-ın baş prokuroru Pam Bondi Konqres üzvlərinə göndərdiyi məktubda Epşteyn sənədlərində adı hallanan 300-dən çox nüfuzlu şəxsin siyahısının dərc olunduğunu bildirib.
Açıqlanan siyahıda keçmiş və hazırkı vəzifəli şəxslər, eləcə də siyasi baxımdan əhəmiyyətli fiqurlar yer alır. Onların arasında Böyük Britaniya şahzadəsi Harri, televiziya ulduzu və sahibkar Kim Kardaşyan, musiqiçilər Kurt Kobain və Brüs Sprinqstin kimi məşhurların da adları çəkilir.
Məktubda qeyd olunur ki, insan alveri və sənədlərin gizlədilməsi də daxil olmaqla doqquz kateqoriya üzrə bütün materiallar ictimaiyyətə açıqlanıb və heç bir məlumat siyasi həssaslıq səbəbilə gizlədilməyib. Ceffri Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbs edilmiş, həmin ilin avqustunda isə həbsxana kamerasında intihar etdikdən sonra ona qarşı cinayət işi dayandırılmışdı.
Sədaqət Həsənova














