Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qərblilərin Navalnı mövzusunu “detektiv işi elementi” ilə şişirtdiyini söyləyib.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Birinci Kanalın efirində çıxış edən Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı iddiaları gündəmə gətirməklə Epşteyn sənədlərinin yaratdığı rezonansdan diqqəti yayındırmağa çalışırlar. Onun sözlərinə görə, Qərbin informasiya gündəmi Epşteyn materiallarının dərcindən sonra faktiki olaraq “dağıdılıb” və buna görə yeni mövzuya ehtiyac yaranıb.
Zaxarova iddia edib ki, Navalnı mövzusu illərdir şişirdilir və müxtəlif detektiv elementlər, sui-qəsd nəzəriyyələri ilə ictimai maraq süni şəkildə qızışdırılır. Diplomat hesab edir ki, bütün bunlar Epşteyn məsələsini kölgədə saxlamaq məqsədi daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltmək üçün istifadə olunur.
O əlavə edib ki, Münhen Təhlükəsizlik Konfransında da əsas diqqət Rusiyanın guya təcavüzkar siyasətinə yönəldilib və bu tezisin davam etdirilməsi üçün yeni “tetikleyici” lazım idi. Zaxarovanın fikrincə, əvvəl bu rolu Kiyev hakimiyyətinin nümayəndələri oynayırdı, lakin indi onların Qərb ictimaiyyətində əvvəlki təsiri qalmayıb.
Fevralın 14-də Almaniya, Böyük Britaniya, Niderland, İsveç və Fransa birgə bəyanat yayaraq Navalnının epibatidin adlı toksinlə zəhərləndiyini iddia ediblər və Rusiyanı Kimyəvi Silahlar Konvensiyasını pozmaqda ittiham ediblər. Zaxarova isə TASS-a açıqlamasında bu ittihamları dezinformasiya adlandıraraq, onların Qərb ölkələrinin daxili problemlərindən diqqəti yayındırmaq məqsədi daşıdığını vurğulayıb.
Sədaqət Həsənova













