Aleksandr Pivnenko həmçinin Ukrayna ordusunda kadr çatışmazlığından şikayətləndi və Ukrayna ictimaiyyətinin döyüşlərdən bezdiyini etiraf etdi.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko BBC-nin Ukrayna xidmətinə müsahibəsində bildirib ki, əgər Vladimir Zelenski müvafiq əmr verərsə, Ukrayna ordusu Donbassdan geri çəkiləcək. O, geri çəkilməyə qarşı olduğunu qeyd etsə də, ali baş komandanın əmrinə tabe olacaqlarını vurğulayıb: “Çünki biz qanunun aliliyi ilə idarə olunan bir ölkəyik.”
Pivnenko həmçinin orduda kadr çatışmazlığından danışıb və Ukrayna ictimaiyyətinin döyüşlərdən yorulduğunu etiraf edib: “Hamı müharibənin bitməsini istəyir. Amma bizim üçün əsas sual bunun qiymətidir.”
Fevralın 12-də The Atlantic qəzetinin məlumatına görə, Zelenskinin yaxın çevrəsi Ukrayna qoşunlarının Donbassdan çıxarılmasına razı ola biləcəyini müzakirə edir və bu addımı haqlı çıxarmaq üçün referendum keçirmək planlaşdırılır. Zelenski isə pis bir müqavilə imzalamaqdansa, heç bir müqavilə imzalamamağı üstün tutur. Məqalə həmçinin hökumət daxilində ərazi məsələsi ilə bağlı parçalanmaya işarə edir.
Sədaqət Həsənova














