“Səfər çərçivəsində sərhədlə bağlı hökumətlərarası komissiyanın növbəti iclası keçirildi və sənədlər toplusu razılaşdırıldı. Beləliklə, sərhədin müəyyən olunmasında ümumi metodologiya təsdiqlənib və vahid xəritə üzərində işlərin aparılması qərarlaşdırılıb”.
Gündəm24.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
O bildirib ki, hazırda Bakı-İrəvan münasibətləri qeyri-adi formadadır:
“Bu, bürokratik addım olsa da, sərhədin müəyyən olunması mərhələsində ən çox vaxt aparan prosesdir. Onun yekunlaşdırılması ilə bağlı məlumat verilibsə, deməli artıq nəzəri işlər yekunlaşmaq üzrədir və praktiki addımlar üçün tam zəmin yaradılıb. Bu gün Azərbaycan-Ermənistan münasibətləri qeyri-adidir. Çünki diplomatik münasibətlərin olmadığı şəraitdə hökumətlərarası komissiya fəaliyyət göstərir. Eyni zamanda iki ölkə arasında iqtisadi münasibətlər formalaşıb. Yüksək səviyyədə siyasi dialoq var və vətəndaş cəmiyyətlərlərinin nümayəndələri qarşılıqlı səfərlər təşkil edir”.
Politoloq vurğulayıb ki, iki ölkə arasında münasibətlərin növbəti mərhələsi Ermənistandakı parlament seçkilərindən sonra formalaşacaq:
“İkinci mərhələ Ermənistandakı parlament seçkilərindən sonra başlamalıdır. Seçkilərin nəticələrindən çox şey asılı olacaq. Demək olar ki, seçki öncəsi Azərbaycan-Ermənistan münasibətlərinin bütün sahələri üzrə müəyyən nailiyyətlər mövcuddur. Eyni zamanda, Azərbaycan Baş naziri Şahin Mustafayevin Ermənistana səfəri çərçivəsində iqtisadi münasibətlərə də yer verilib. Düşünürəm ki, ticarətin elə istiqamətləri müəyyən olunub ki, bu haqda yaxın gələcəkdə yeni xəbərlər eşidəcəyik”.
Qeyd edək ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Səfər çərçivəsində Ermənistanın Ağverən şəhərində Baş nazirin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası baş tutub. Ş.Mustafayev həmçinin erməni iş adamları ilə görüş keçirib.













