Azərbaycanda boşanma hallarında ən çox müzakirə olunan məsələlərdən biri də uşağın saxlanılması və aliment öhdəliyidir. Xüsusilə, valideynlərdən birinin işsiz qalması bu məsələ ətrafında müxtəlif suallar yaradır və cəmiyyətdə fərqli yanaşmalar formalaşdırır.
Bəs işsiz olmaq aliment ödəməkdən azad edirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, valideynin işləyib-işləməməsindən asılı olmayaraq, onun uşağa baxmaq məsuliyyəti qalır.

“Əgər valideyn övladının saxlanılmasında iştirak etmirsə və uşaq digər valideynin yanında yaşayırsa, həmin şəxs məhkəməyə müraciət edərək aliment tələbi qaldıra bilər. Məhkəmə belə hallarda uşağın maraqlarını əsas götürərək alimentin tutulması barədə qərar qəbul edir. Bu zaman valideynin işsiz olması onun aliment ödəməkdən yayınması üçün hüquqi əsas sayılmır”.
Ekspert qeyd edib ki, aliment öhdəliyi valideynlik borcundan irəli gəlir və bu məsuliyyət valideynin sosial vəziyyətindən asılı olmayaraq qüvvədə qalır. Bu baxımdan, işsiz şəxslər də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş qaydada aliment ödəməlidirlər.














