Sosial şəbəkələrdə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova tərəfindən müraciət yayımlanıb.
Müraciətdə qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova şəhidin məzar daşındakı keyfiyyətsiz iş, istifadə olunan mərmərin yararsızlığı və üzərindəki şəklin yanaq hissəsindəki qara ləkə ilə bağlı aidiyyəti qurumlar izahat verməlidir.
Bir məzar daşının 4 dəfə dəyişdirilməsi idarəçilikdəki qeyri-peşəkarlığın və şəhidə olan sayğısızlığın bariz nümunəsidir:
“Tələblərim konkret və qətidir. Ləkəli mərmər dərhal dəyişdirilməli, şəhidin məzarüstü şəkli və üzərindəki yazılar ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməlidir. Şəhidlərimizin məzarları önündəki boş məzar yerləri təcili şəkildə daş örtüyü ilə bağlanmalı və ərazi şəhid adına layiq səviyyəyədə təmir olunmalıdır”.
Milli Qəhrəmanın anası Səmayə Həşimovanın müraciəti nəzərə alınıbmı?
Məsələ ilə bağlı Səmayə Həşimova “Cebheinfo.az”-a bildirib ki, müraciətlə bağlı ona cavab gəlməyib:
“Yenidən müraciət etməyəcəyəm. Mövcud vəziyyəti görmürlər? Ancaq lazım gəlsə, müraciət edəcəyəm. Həmin məzar daşını dövlət dəyişməlidir. Müdafiə Nazirliyi hara baxır? Dövlət onun üçün xərc çəkib.
Gedib həmin daşları yoxlayıb təhvil alanda hansı qüsurların olduğuna baxmışdılar? Artıq dördüncü dəfədir ki, dəyişilib. Hər dəfə də qüsurlar olur. Sanki qəsdən ediblər.
Polad Həşimov torpağa tapşırılana qədər hamının qəhrəmanı idi. Deyiləcək sözlərim çoxdur, ancaq vaxtı var. Əgər bu məsuliyyətsizlikdirsə, niyə məmurlar özləri üçün villa tikəndə olmur? Ümid edirəm müraciətim eşidilər. Eşidilməsə, daha böyük yerlərə müraciət edəcəyəm. Biz ümumi müraciət etmişik. Kimin günahı varsa, öz boynuna götürsün”.
Bakı Abadlıq Xidmətindən bildirilib ki, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu və İkinci Şəhidlər xiyabanı (Hərbi Memorial Məzarlıq) kimi tanınan ərazi Müdafiə Nazirliyinin balansındadır.
Bakı Abadlıq Xidməti tərəfindən ərazidə aparılmış işlər başa çatdırıldıqdan sonra, təxminən bir il əvvəl obyekt müəyyən olunmuş qaydada Müdafiə Nazirliyinə təhvil verilib:
“Bu gün Müdafiə Nazirliyindən daxil olmuş müraciətdən dərhal sonra Bakı Abadlıq Xidməti operativ şəkildə tədbir görüb, qəbirüstü abidələrin hazırlanmasında iştirak etmiş usta əraziyə cəlb edilib. Hazırda qeyd olunan nöqsan aradan qaldırılıb.
Qeyd etmək istərdik ki, qəbirüstü abidələrin hazırlanması prosesi zamanı şəhid ailələrinin bütün irad və təklifləri diqqətlə nəzərə alınıb, portretlər və digər elementlər ailələrin razılığı əsasında hazırlanıb, bəzi hallarda onların istəyi ilə iki dəfə dəyişikliklər edilib.
İşlər tam başa çatdırıldıqdan sonra qəbirüstü abidələr heç bir qüsur olmadan həm şəhid ailələrinə, həm də Müdafiə Nazirliyinə təhvil verilib. Bakı Abadlıq Xidməti şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman böyük həssaslıqla yanaşır və daxil olan hər bir müraciətə operativ reaksiya verərək yaranmış məsələlərin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görür”.














