Bu gün Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanovun anadan olmasının 77-ci ildönümüdür.
Sumqayit24.az xəbər verir ki, 1949-cu il iyulun 24-də Bakıda anadan olan Oruc Qurbanov uzun illər Azərbaycan teatr sənətinin inkişafına töhfə verib. Yaradıcılıq fəaliyyəti dövründə müxtəlif teatrların, o cümlədən Sumqayıt Dövlət Dram Teatrının rejissoru kimi çalışaraq şəhərin teatr həyatında iz qoyub.
O, 1994-cü ildə Xocalı soyqırımına həsr olunmuş “Haray” bədii filminin quruluşçu rejissoru olub. Həmçinin “Haqqa doğru” televiziya filminin müəllifi və rejissoru, onlarla tamaşa, televiziya və radio layihəsinin müəllifi kimi tanınıb.
Ədəbiyyat sahəsində də məhsuldar fəaliyyət göstərən Oruc Qurbanov çoxsaylı roman, povest və dram əsərlərinin müəllifi idi. Mir Cəlal Paşayevin “Dirilən adam” romanı əsasında hazırladığı tamaşa ona 2006-cı ildə “Qızıl Dərviş” mükafatını qazandırıb.
2002-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Oruc Qurbanov 2022-ci il dekabrın 23-də, 73 yaşında vəfat edib. Onun Sumqayıt Dövlət Dram Teatrındakı fəaliyyəti şəhərin mədəniyyət tarixində yaddaqalan mərhələlərdən biri hesab olunur.














