Sumqayıtda 28 mindən çox sakin əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə qeydiyyatdadır.
Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatları əsasında hazırlanan statistikaya görə, Abşeron-Xızı iqtisadi rayonunda bu kateqoriya üzrə qeydiyyatda olan şəxslərin böyük əksəriyyəti Sumqayıtın payına düşür.
Belə ki, iqtisadi rayonda ümumilikdə 35.033 nəfər əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə qeydiyyata alınıb. Onlardan 28.798 nəfəri Sumqayıtın, 5643 nəfəri Abşeron rayonunun, 592 nəfəri isə Xızı rayonunun sakinləridir.
Ümumilikdə isə Azərbaycanda bu xəstəliklərlə bağlı qeydiyyatda olan şəxslərin sayı 323.775 nəfərdir. Ən yüksək göstərici 139.334 nəfərlə Bakı şəhərində qeydə alınıb.
Qeyd edək ki, statistikada yalnız sinir sistemi xəstəlikləri deyil, həmçinin göz və qulaq xəstəlikləri də “əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri” kateqoriyasına daxildir. Buna görə də rəqəmlər təkcə nevroloji xəstəlikləri əks etdirmir.
Mənbə: Modern.аz













