Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq.
Gündəm24.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
***
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Hazırda dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq olunur. Bu xüsusda, “Ümumi təhsil haqqında” qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsilalanların geyim forması ilə bağlı sözügedən tələblərə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur.
Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirənin təşkili prosesinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsinin qanunvericilik əsasları yaradılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə və “İctimai iştirakçılıq haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliklərlə müvafiq subyektlər tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı, ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan), habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri ilə bağlı əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanmasının təmin edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, layihə qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma və s) hüquqi əsaslarını müəyyən edir. Təklif edilən dəyişikliklər qanunvericilikdə mövcud olan hazırki prosedurların həyata keçirilməsində vaxt itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanuna əlavə edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb.
Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
***
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanuna əlavə edilən yeni – 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.
Qanuna əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
***
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbula görə 20 manat rüsum ödənilməsi təklif edilir.
Həmçinin, layihəyə əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum müəyyən edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün rüsum müəyyənləşir.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün 20 manat dövlət rüsumu alınacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.
Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.
Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.
Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.
Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir.
Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
– düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;
– hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;
– coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.
Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.
Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsi avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən, insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edən , yol hərəkətinin təhlükəsizliyi pozulduqda və ya avtonom nəqliyyat vasitəsində nasazlıq yarandıqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən, avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan mülki təyinatlı nəqliyyat vasitəsidir. Avtonom nəqliyyat vasitəsinin operatoru avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir. Məsafədən idarəetmə mərkəzi avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Avtonom nəqliyyat vasitəsi müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştiraka buraxılır. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda hərəkət edə bilər. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri həmin sistemlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiya edilməlidir.
İdarəetməyə nəzarət mərkəzinin aşağıdakı vəzifələri var:
1) avtonom nəqliyyat vasitələrinin hərəkətinin monitorinqinin və təhlilinin aparılması (fərdi məlumatların mühafizəsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, o cümlədən anonimliyin və konfidensiallığın təmini şərtilə);
2) avtonom nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar formalaşan məlumatların saxlanılmasının təmin edilməsi;
3) aşağıdakı hallarda avtonom nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi:
– avtonom nəqliyyat vasitəsində və ya onun avtomatlaşdırılmış idarəetmə sistemində nasazlıq müəyyən edildikdə;
– avtonom nəqliyyat vasitəsinin müəyyən edilmiş ərazi və ya avtomobil yolundan kənara çıxması halları müəyyən edildikdə;
– yol hərəkəti şəraitinin avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdıqda.
Avtonom nəqliyyat vasitələrinin operatorlarının aşağıdakı vəzifələri var:
1) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
2) avtonom nəqliyyat vasitəsinin istismarıtəhlükə yaratdıqda, avtonom nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş ərazidən və ya avtomobil yolundan kənara çıxdıqda, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilə baş verdikdə, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
3) avtonom nəqliyyat vasitəsinin üzərində aydın görünən yerdə və oxuna bilən ölçülərdə avtonom nəqliyyat vasitəsinin operatorunun əlaqə məlumatlarını (mobil nömrə və qaynar xətt) yerləşdirmək və avtonom nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı zamanı üzərində göstərilmiş əlaqə məlumatlarının daim əlçatan olmasını təmin etmək;
4) avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;
5) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;
6) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin nəzərdə tutulan tələblərə uyğun fəaliyyətinə nəzarət etmək;
7) avtonom nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi təqdirdə avtonom nəqliyyat vasitəsinin dayanmasını təmin etmək, yol hərəkətinə, insanların həyatı və ya əmlakına təhlükə yaratmaması üçün tədbirlər görmək, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək.
Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) həmin nəqliyyat vasitəsinin “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilməsini, istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
Layihəyə əsasən, “Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” da müəyyənləşir. Avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılır, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Avtonom gəminin istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi proseduru müəyyənləşir.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom gəmi səfərin hər hansı bir hissəsində və ya bütün səfər boyunca insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı gəmidir. Avtonom gəminin operatoru avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir. Məsafədən idarəetmə mərkəzi avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir.
Bu Məcəllə yüksək (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom gəmilərin istismarına və fəaliyyətinə şamil ediləcək.
Avtonom gəminin sahibi həmin gəminin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun gəminin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir. Avtonom gəminin sahibi və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
Avtonom gəmilərə, məsafədən idarəetmə mərkəzinə və operatora dair tələblər “Nəqliyyat haqqında” qanun qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Bu Məcəllənin gəmilərə, gəmi heyətinə, gəmilərin və onlara olan hüquqların qeydiyyata alınmasına, dövlət bayraq və liman nəzarətinə, ərazi sularında üzməyə və daşımaların həyata keçirilməsinə dair tələbləri avtonom gəmilərə də şamil edilir.
Avtonom gəmi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ərazidə hərəkət edə bilər. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Operatorun vəzifələri sırasında avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların, habelə avtonom gəminin iştirakı ilə qəza baş verdiyi təqdirdə bu barədə məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini və gəmi sahibinə verilməsini təmin etmək, avtonom gəminin istifadəsi ilə bağlı son 6 ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək də daxil edilib.
Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.
“Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi avtomatik toqquşmanın qarşısını alma sistemi ilə təchiz olunmalıdır. Dəniz limanlarının və dəniz əməliyyatı bazalarının ərazilərində avtonom gəmilərin hərəkəti liman kapitanının icazəsi ilə həyata keçirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.
Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:
– media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
– dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
– jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
– əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
– audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
– cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
– media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
– nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
– media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
– dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
– dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;
– media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;
– informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;
– mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;
– media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
– Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
– Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;
Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:
– xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
– media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;
– “Reklam haqqında” qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;
– fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;
– fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
– istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
– səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
– “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
– strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.
Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.
Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Bu baxımdan, qanun layihəsində vahid qurumun – Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
“Media haqqında” qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Sadələşdirilmiş gömrük əməliyyatlarının əhatə dairəsi müəyyənləşir, Ticarətin Asanlaşdırılması mərkəzləri yaradılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.














