İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə hərbi-siyasi kabinetin iclasından dərhal sonra telefon danışığı aparıb. Görüşün əsas müzakirə mövzusu İran ətrafında yaranmış gərgin vəziyyət və Tehranın nüvə proqramına qarşı atılacaq birgə addımlar olub. Netanyahu bu təmasın İsrail və ABŞ arasındakı strateji müttəfiqliyin və tam hərəkət koordinasiyasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, Baş nazir Tramp ilə demək olar ki, hər gün ünsiyyətdə olduğunu və tərəflər arasında heç bir fikir ayrılığının qalmadığını vurğulayıb. Onun sözlərinə görə, hər iki dövlətin ən vacib ortaq hədəfi İranın bütün zənginləşdirilmiş materiallarının ölkədən çıxarılması və bu ölkənin uranı zənginləşdirmə potensialının tamamilə ləğv edilməsidir. Netanyahu qeyd edib ki, Vaşinqtonla hər bir addım öncədən razılaşdırıldığı üçün prosesdə heç bir gözlənilməz sürpriz baş verməyəcək.
Bununla yanaşı, İsrail rəhbəri ABŞ-ın bu hədəflərə diplomatik yollarla nail ola biləcəyinə inandığını, lakin İsrail ordusunun (SAXAL) hər hansı bir ssenariyə, o cümlədən hərbi müdaxiləyə tam hazır vəziyyətdə olduğunu xatırladıb. Bu danışıq regionda hərbi aktivliyin artdığı və İranın nüvə obyektlərinə qarşı beynəlxalq təzyiqlərin gücləndiyi bir vaxtda strateji əhəmiyyət kəsb edən növbəti addım kimi qiymətləndirilir.














