İran ordusuna məxsus kamikadze pilotsuz uçuş aparatları (PUA) bu gün İraqın şimalında yerləşən müxalif “Komalə” partiyasının bazalarına hücum edib.
İlkin məlumatlara görə, zərbələr nəticəsində azı üç peşmərgə döyüşçüsü yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Süleymaniyyə yaxınlığındakı bu ərazilər mütəmadi olaraq Tehranın hədəfinə çevrilsə də, bugünkü hücum beynəlxalq güclərin müdaxiləsi ilə nəticələnib.
Gündəm24.az xəbər verir ki, təkrar hücum cəhdləri zamanı Fransa Hərbi Hava Qüvvələri insidentə müdaxilə etmək məcburiyyətində qalıb. Şimali İraq səmasında patrul xidməti həyata keçirən Fransaya məxsus “Mirage 2000” qırıcısı İrana məxsus “Shahed-136” kamikadze dronunu “hava-hava” tipli raketlə məhv edib. Qeyd edək ki, “Komalə” (İran Kürdüstanı Komalə Partiyası) İraq Kürdüstanında mənzillənən və İran hökumətinə qarşı mübarizə aparan sosial-demokrat yönümlü təşkilatdır. Fransız hərbçilərinin bu şəkildə birbaşa döyüşə daxil olması regiondakı gərginliyi daha da alovlandırıb./KONKRET.az














