“Bacımın qabırğalarını sındırıblar, ağciyərini zədələyiblər, qaraciyərini cırıblar, mədəsinə doldurulan hava qanaxma yaradıb…”
Gündəm24.az bildirir ki, bu sözləri Musavat.com-a Qusarda qeysəriyyə əməliyyatından sonra vəfat edən 26 yaşlı Yasəmən Ospatovanın qardaşı Firdovsi Ədilov deyib. Onun sözlərinə görə, bacısının ölümü ilə bağlı Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin komissiya rəyi ailənin yaşadığı faciənin miqyasını ortaya qoyur.
“Biz ekspertiza rəyini oxuyanda dəhşətə gəldik. Rəsmi sənəddə yazılıb ki, bacıma nəfəs vermək üçün taxılan boru nəfəs borusuna yox, səhvən qida borusuna salınıb. Buna görə ağciyərlərinə oksigen getməyib. Vurulan hava mədəsinə dolub, mədəsinin selikli qişasında çatlar və qanaxma yaranıb. Beyni oksigensiz qaldığı üçün ağır zədələnmə baş verib”.
Firdovsi Ədilovun sözlərinə görə, ekspertiza reanimasiya zamanı aparılan ürək masajı ilə bağlı da ağır nəticələri göstərir.
“Rəydə yazılıb ki, ürək masajı zamanı bacımın döş sümüyü sınıb, soldan altı, sağdan isə dörd qabırğası qırılıb. Qırılan qabırğalar ağciyərini zədələyib. Bununla yanaşı, qaraciyərində təxminən 8 santimetrlik cırıq əmələ gəlib və qarın boşluğuna bir litrə yaxın qan axıb. Bunlar bizim iddialarımız deyil, dövlət ekspertlərinin yazdığı faktlardır”.
O bildirib ki, ekspertiza yalnız reanimasiya zamanı deyil, hamiləliyin izlənilməsi və əməliyyata hazırlıq mərhələsində də ciddi nöqsanların olduğunu göstərir.
“Rəsmi rəyə əsasən, bacım risk qrupuna daxil edilməyib, lazımi nəzarət planı hazırlanmayıb. Xəstəxanaya qəbul olunduqdan sonra saatlarla gözlədilib, əməliyyatdan sonra isə lazımi müşahidə tam təmin edilməyib”.
Firdovsi Ədilovun sözlərinə görə, ekspertiza rəyində xüsusi olaraq qeyd olunur ki, tromboz və ağciyər arteriyasının trombemboliyasının qarşısını almaq üçün profilaktik tədbirlər tam həcmdə görülsəydi, Yasəmən Ospatovanın həyatını xilas etmək ehtimalı yüksək olardı.
“Biz heç kimi əvvəlcədən günahkar elan etmirik. Sadəcə istəyirik ki, ekspertiza rəyində yazılan bütün faktlar obyektiv araşdırılsın və bacımın ölümünə hüquqi qiymət verilsin”.
Qusarın Xuray kənd sakini Yasəmən Firuddin qızı Ospatova 11 avqust 2025-ci il tarixdə Qusar rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloqu Milanə Babayeva tərəfindən qeysəriyyə əməliyyatı olunub. Ertəsi gün – 12 avqust 2025-ci ildə vəziyyəti kəskin ağırlaşıb və o, xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı Qusar rayon prokurorunun böyük köməkçisi Kamal Həbibov tərəfindən 16 mart 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub. Mərhumun yaxınları bu qərardan narazı qalıb və məhkəmə nəzarəti qaydasında şikayət verib. Buna baxmayaraq Qusar Rayon Məhkəməsinin hakimi Günel Səfərli 16 iyul 2026-cı il tarixli qərarı ilə şikayəti rədd edib. İndi isə iş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Rəşadət Ağayevin icraatındadır.
Firdovsi Ədilovun sözlərinə görə, Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin 884/KEŞ nömrəli komisyon rəyi və meyitin təşrihi zamanı aşkar olunan faktlar səhiyyə işçilərinin hansı dərəcədə kobud səhvlərə yol verdiyini açıq şəkildə nümayiş etdirir.
Mərhumun ailə üzvləri əməliyyat üçün həkimə 370 manat məbləğində pul verildiyini də bildiriblər. Bu haqda Qusar prokurorluğuna, Qusar məhkəməsinə məlumat veriblər. Lakin müvafiq araşdırmalar aparılmayıb.
Mərhumun yaxınları Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunan şikayətdə yazırlar ki, Qusar Rayon Məhkəməsi və Prokurorluq işin faktiki hallarına düzgün hüquqi qiymət verməyib: “Müalicə həkimi və reanimatoloqun hərəkətləri təsadüfi tibbi səhv deyil, normativ qaydaların sistemli şəkildə pozulmasıdır. İntubasiya borusunun qida borusuna salınması, reanimasiya zamanı daxili organların cırılması və qabırğaların kütləvi qırılması qaçılmaz tibbi risk yox, kobud səhlənkarlığın nəticəsidir. Biz Sumqayıt Apellyasiya Məhkəməsindən Qusar Rayon Məhkəməsinin qərarının və prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsini, işin yenidən obyektiv araşdırılması üçün geri qaytarılmasını xahiş-tələb edirik”.














