Azərbaycanın Böyük Britaniya ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi Cənubi Qafqazda geosiyasi maraqları toqquşan güc mərkəzləri üçün yeni siyasi reallıq yaradır. Dublində imzalanan Birgə Bəyannamə Bakının Qərblə əlaqələrini enerji və investisiya əməkdaşlığından müdafiə, təhlükəsizlik və regional siyasət istiqamətlərinə doğru genişləndirir. Bu prosesin Rusiya və İran tərəfindən necə qarşılanacağı isə Azərbaycanın xarici siyasətinin gələcək istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, Moskva və Tehran Cənubi Qafqazda Qərbin mövqelərinin güclənməsini özlərinin regional maraqları kontekstində nəzərdən keçirirlər. Lakin hər iki ölkənin Azərbaycana münasibətində fərqli yanaşmalar və prioritetlər mövcuddur. Rusiyanın mövqeyinə gəldikdə, Moskvanın hazırkı xarici siyasətində əsas prioritetlərdən biri postsovet məkanında geosiyasi təsir imkanlarını qorumaqdır. Ukrayna müharibəsi, Qərblə qarşıdurma və Avropa təhlükəsizlik sisteminin yenidən formalaşması fonunda Cənubi Qafqazın əhəmiyyəti Rusiya üçün azalmayıb. Əksinə, regionda yeni siyasi və iqtisadi əlaqələrin qurulması Moskvanın diqqətini daha da artırır.

Noyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya ilə hərbi əlaqələrin bərpası məsələsinə münasibət bildirib. O, London təşəbbüs göstərəcəyi təqdirdə Rusiya Müdafiə Nazirliyinin britaniyalı həmkarları ilə əlaqə saxlamağa hazır olduğunu deyib. Zaxarova mövcud hərbi əlaqələrin dayandırılmasına görə Britaniya tərəfini günahlandırıb. Bu açıqlama Moskva ilə London arasında münasibətlərin nə qədər mürəkkəb olduğunu və iki ölkənin təhlükəsizlik məsələlərində bir-birinə etimadının aşağı səviyyədə qaldığını göstərir. Belə bir şəraitdə Azərbaycanın Londonla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsi Moskvanın diqqətindən kənarda qala bilməz. Xüsusilə Bəyannamədə hərbi kadrların hazırlanması, müdafiə potensialının gücləndirilməsi və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin nəzərdə tutulması diqqət çəkir. Bununla belə, sənədi Azərbaycanın Rusiya əleyhinə hərbi-siyasi ittifaqa qoşulması kimi təqdim etmək üçün heç bir əsas yoxdur. Bəyannamədə konkret olaraq Rusiyaya qarşı yönəlmiş müddəa yoxdur. Azərbaycan öz təhlükəsizlik maraqlarını təmin etmək üçün müxtəlif ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirir. Moskva ilə Bakı arasında münasibətlərin gələcək istiqaməti də məhz bu reallıq nəzərə alınmaqla müəyyənləşəcək.

İranın mövqeyi isə daha çox sərhəd təhlükəsizliyi, regional kommunikasiya xətləri və Cənubi Qafqazda xarici güclərin iştirakının genişlənməsi məsələləri ilə bağlıdır. Tehran Azərbaycanın Qərblə yaxınlaşmasını özünün şimal sərhədlərindəki geosiyasi proseslərdən ayrı nəzərdən keçirmir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi İranın təhlükəsizlik dairələrinin diqqət yetirdiyi istiqamətlərdəndir.

İranın regional siyasətində Azərbaycanın müstəqil xarici siyasət kursu ilə bağlı həssaslıq əvvəllər də özünü göstərib. Zəngəzur dəhlizi, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması, regional sərhədlərin dəyişdirilməsi ehtimalı və İsrailin regiondakı fəaliyyəti Tehran üçün mühüm təhlükəsizlik mövzularıdır. Buna görə də Bakı ilə London arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının genişlənməsi İranın geosiyasi hesablamalarına təsirsiz ötüşməyəcək. Lakin Tehranın Azərbaycanla münasibətlərində iqtisadi maraqlar da mühüm yer tutur. Bunun ən son nümunələrindən biri Rusiya ilə İran arasında müzakirə edilən qaz əməkdaşlığıdır. Noyabrın 7-də İranın Rusiyadakı səfiri Kazem Cəlali İran dövlət televiziyasına açıqlamasında Rusiyadan İrana qaz tədarükünün Azərbaycan ərazisi üzərindən həyata keçirilməsi ehtimalını açıqlayıb. Onun sözlərinə görə, ilkin mərhələdə qaz mübadiləsi mexanizmi, daha sonra isə daha genişmiqyaslı boru kəməri layihəsi nəzərdən keçirilir. Səfir uzunmüddətli layihə üçün illik 110 milyard kubmetrədək ötürmə potensialından danışıb. Bu açıqlama xüsusilə əhəmiyyətlidir. Çünki Tehran bir tərəfdən Azərbaycanın Qərblə əməkdaşlığının genişlənməsini diqqətlə izləyir, digər tərəfdən isə Rusiya ilə enerji əlaqələrinin inkişafı üçün Azərbaycan ərazisinin tranzit imkanlarından istifadə etməyi nəzərdən keçirir. Bu, İranın Bakı ilə münasibətlərdə qarşıdurmadan daha çox praqmatik əməkdaşlıq imkanlarını da nəzərə almağa məcbur olduğunu göstərir.

Noyabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli nümayəndəsi Möhsün Rzainin görüşündə də strateji əməkdaşlıq, enerji və regional təhlükəsizlik məsələləri müzakirə olunub. İranın Moskvadakı səfiri bu görüşün nəticələri barədə açıqlamasında Azərbaycan üzərindən qaz mübadiləsi planını da gündəmə gətirib. Beləliklə, Moskva və Tehran arasında yaxınlaşma Azərbaycanın tranzit və enerji imkanlarını daha da aktuallaşdırır. Digər tərəfdən, İranın Rusiya ilə münasibətlərində hərbi əməkdaşlıq da diqqət çəkir. Noyabrın 6-da İran İnternational nəşri Tehranın Moskvadan S-400 hava hücumundan müdafiə sistemləri əldə etmək istəyi barədə məlumat yayıb. Nəşrin istinad etdiyi məlumatlarda İranın ali rəhbərliyinin bu məsələ ilə bağlı Putinə müraciət etdiyi bildirilir. Lakin S-400 sistemlərinin tədarükü barədə yekun razılaşmanın əldə olunduğu təsdiqlənməyib. Bütün bu proseslər göstərir ki, Rusiya və İran arasında əməkdaşlıq güclənsə də, hər iki ölkənin Azərbaycanla bağlı maraqları eyni deyil. Moskva Cənubi Qafqazda tarixi siyasi və təhlükəsizlik təsirini qorumağa, Tehran isə sərhədlərinin yaxınlığında arzuolunmaz geosiyasi dəyişikliklərin qarşısını almağa çalışır.

Azərbaycan isə fərqli güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirir. Dublindəki sammit də bunu nümayiş etdirdi. Bakı Böyük Britaniya ilə strateji tərəfdaşlıq sənədi imzaladı, Avropa İttifaqı ilə enerji danışıqlarını davam etdirdi, Ukrayna və digər Avropa dövlətlərinin rəhbərləri ilə təmaslarını genişləndirdi. Bununla yanaşı, Azərbaycan Avropa Siyasi Birliyinin bəzi sənədlərinə qoşulmayaraq özünün siyasi qərarvermə müstəqilliyini qorudu. Burada mühüm məqam Azərbaycanın Qərblə əməkdaşlığını Rusiya və İranla münasibətlərin alternativi kimi təqdim etməməsidir. Bakı öz milli maraqlarını əsas götürərək həm Qərblə, həm də qonşu dövlətlərlə münasibətlərini inkişaf etdirmək imkanına malikdir. Dublində imzalanan sənəd yalnız Azərbaycan-Britaniya münasibətlərinin yeni mərhələsi deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi münasibətlərin göstəricisidir. Moskva və Tehran bu reallığı nəzərə almaq məcburiyyətindədir.//musavat.com













