Bank olmayan kredit təşkilatlarında (BOKT) gündəlik kredit borcunu restrukturizasiya edən müştəridən əlavə ödəniş tələb olunmayacaq.
Gündəm24.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, gündəlik kreditlərlə bağlı yeni yanaşma sektorda baş verən proseslərin və neqativ halların qarşısını almaq məqsədilə tətbiq olunub.
“Burada əsas məqsədimiz istehlakçıların izafi borclanmasının qarşısının alınması və hüquqlarının qorunmasıdır.
Bəzi hallarda faizlər yüksək olurdu. Buna görə də verilən gündəlik kreditlərin yuxarı həddini 500 manat müəyyən etdik. Gündəlik faiz dərəcəsi 0,3 %-dir. Kreditin qaytarılma müddətinin yuxarı həddi isə 45 gündür.
Əsas məqsədimiz ondan ibarətdir ki, bütün ödənişlər üzrə müştərinin ödəyəcəyi məbləğ götürdüyü kreditin məbləğindən 100 %-dən çox olmamalıdır. Yəni şəxs 100 manat kredit götürürsə, onun ödəyəcəyi əlavə xərc 100 manatdan çox olmamalıdır. Bu normativ müştərilərin daha yüksək məbləğdə borclanmasının qarşısını almaq məqsədilə tətbiq edilib.
Burada təminatla bağlı da qadağalar var. Daşınar və daşınmaz əmlakın təminat kimi götürülməsi qadağandır. Restrukturizasiya ilə bağlı da qadağa qoyulmuşdu. Lakin biz cari vəziyyəti və istehlakçıların gündəlik kreditlər üzrə gecikmiş borclarını nəzərə alaraq restrukturizasiyaya imkan verdik”, – deyə X. İsmayılov bildirib.
O qeyd edib ki, AMB bu qərarı sentyabrın 8-də qeydiyyata alıb və yeni qayda oktyabrın 10-dan tətbiq olunacaq.
“Müştəri kreditin 20 %-ni ödəməklə növbəti 45 gün ərzində kreditini restrukturizasiya edə bilər. Bu da həmin müştərilərin gecikmiş kreditlərinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Yəni müştərinin gecikmiş krediti üzrə vəziyyəti yaxşılaşacaq.
Eyni zamanda, müştərinin ödəyəcəyi ümumi məbləğin götürdüyü kreditin məbləğinin 100 %-indən çox olmaması nəzərdə tutulub. İstənilən halda, restrukturizasiya həyata keçirilsə belə, müştəri əlavə xərc ödəməməlidir. Yəni ödəniş məbləği müəyyən edilmiş 100 %-lik həddi keçməməlidir. Burada əsas fokusumuz vətəndaş, yəni borcalandır”, – deyə o əlavə edib. /Report.az/














