ABŞ-nin Florida ştatında baş verən ölümcül şəxsi təyyarə qəzasında həlak olan 9 nəfərdən 7-nin şəxsiyyəti müəyyən edilib. Ölənlər arasında “Retention.com” və “RB2B” proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı iş adamı, milyonçu Adam Robinson ailəsi ilə birlikdə ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzasında həyatını itirib.
Gündəm24.az xəbər verir ki, bu barədə həlak olanların ailələri məlumat yayıb.
Ailələrin birgə bəyanatında bildirilir ki, noyabrın 1-də Florida ştatının Qrinakres şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə milyonçu Adam Robinson, Helen Şarp, onların uşaqları Emma və Çarli, Reyçel Rid, Çarmi Fehr və Anita Maria Çetina həlak olublar.
Məlumata görə, qəza zamanı təyyarənin ikinci pilotu 20 yaşlı Nataliya Qadelya Filqeyras olub. Onun anasının sözlərinə görə, gənc pilot Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan Learjet təyyarəsinin heyətində yer alıb.
Filqeyras 17 yaşında, Vest Boka Raton İcma Liseyində təhsil aldığı dövrdə pilot lisenziyası alıb. Onun təhsil aldığı məktəbin aviasiya akademiyası bu lisenziyanın əldə olunması xərclərini qarşılayıb. Akademiyada şagirdlər simulyatorlarda və dronlarda uçuş bacarıqlarına yiyələniblər.
Gənc pilot 2023-cü ildə WPEC-TV-yə müsahibəsində təyyarə idarə etməyi bacardığı halda avtomobil sürə bilməməsinin insanlara qəribə gəldiyini bildirib.
Qəza zamanı Learjet 60 tipli təyyarə Florida ştatının Palm Biç şəhərində, Krestheven yaşayış massivinin yaxınlığında yerə çırpılaraq partlayıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, hadisədən əvvəl, yerli vaxtla saat 12:47-də ekipaj hava hərəkətini idarəetmə mərkəzinə orta dərəcəli turbulentlik və ağ rəngli buzlanma ilə qarşılaşdıqlarını bildirib.
Təyyarə 35 min fut yüksəklikdə olarkən heyət yağış barədə də məlumat verib və qəzadan bir neçə dəqiqə əvvəl daha 2 min fut yüksəklik qazanmaq üçün icazə istəyib.
Qəzanın səbəbləri araşdırılır.//ajans.az













