Aprel ayının sonuna yaxınlaşsaq da, müşahidə olunan sərin və qeyri-sabit hava şəraiti bir çox insanlarda çaşqınlıq yaradır. Adətən bu dövr yazın daha sabit və mülayim keçməsi ilə yadda qalsa da, bu il temperaturun normadan aşağı olması, tez-tez dəyişən hava kütlələri və yağıntılı günlərin çoxluğu diqqət çəkir. Belə hava şəraiti həm gündəlik həyat ritminə, həm də kənd təsərrüfatı və digər sahələrə təsirsiz ötüşmür.
Maraqlıdır, bu cür sərin və qeyri-sabit yaz havası gələcək aylarda və yay fəslində temperatur və ya yağıntılar baxımından hansı tendensiyalara işarə edir?
Meteroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) son hesabatları qlobal iqlim sistemində ciddi yerdəyişmələrin anonsunu verir.
Onun sözlərinə görə, 2026-cı ilin ortalarından etibarən Sakit okeanda yaranan və bütün planetin hava şəraitinə birbaşa təsir edən El-Nino cərəyanının yenidən aktivləşməsi gözlənilir:
“Ekvatorial Sakit Okeanın dəniz səthi temperaturlarında müşahidə olunan sürətli artım, 2026-cı ilin may-iyul aylarında iqlim modellərinin dəyişəcəyinə işarə edir. “Normaldan yuxarı quru səthi temperaturlarının qlobal dominantlığı” proqnozlaşdırılır ki, bu da onsuz da davam edən qlobal istiləşmə tempini daha da sürətləndirə bilər. El-Nino mərkəzi və şərqi Ekvatorial Sakit okeanda suların isinməsi ilə xarakterizə olunan təbiət hadisəsidir. Adətən 2-7 ildən bir təkrarlanan bu proses 9 aydan 12 aya qədər davam edir. Əsas fəsadlar istilik dalğaları, şiddətli quraqlıq və ya qəfil sel daşqınlarının ehtimalının kəskin artması olacaq. Həmçinin, ABŞ-nin cənubu, Afrika Buynuzu (Somali), Mərkəzi Asiya və Cənubi Amerikanın cənubunda rütubətlilik artacaq. Avstraliya, İndoneziya və Cənubi Asiyanın bəzi hissələri ciddi quraqlıq riski ilə üzləşəcək. Sakit Okean hövzəsində qasırğaların sayı artsa da, Atlantik okeanında bu aktivliyin azalması gözlənilir. El-Nino sadəcə təbii dövr deyil, o, iqlim dəyişmələrinə antropogen təsirləri “gücləndirən” bir katalizator rolunu oynayır”.

Meteroloq vurğulayıb ki, El-Nino hadisəsinin ölkəmizin iqliminə təsiri okeanlardan uzaqlıq və mürəkkəb relyef səbəbindən birbaşa deyil, daha çox dolayı yollarla və müəyyən bir vaxt fərqi (gecikmə) ilə hiss olunacaq:
“2026-cı ilin ortalarında başlaması gözlənilən El-Nino cərəyanı qlobal temperaturu artırdığı üçün, Azərbaycanda da ekstremal isti dalğalarının tezliyi və müddəti arta bilər. Yay aylarında temperaturun normadan bir neçə dərəcə yüksək olması və “isti gecələr”in sayının artması gözlənilir. Bu, xüsusilə şəhər yerlərində “isti ada” effektini gücləndirərək əhalinin sağlamlığına və enerji sistemlərinə (kondisioner istifadəsi) əlavə yük sala bilər. Mərkəzi Asiya və Qafqaz regionu üçün El-Nino adətən qış və erkən bahar aylarında yağıntıların bir qədər artması ilə əlaqələndirilir. 2026-cı ilin son rübü və 2027-ci ilin əvvəli üçün yağıntıların normadan çox olması ehtimalı var. Bu, dağlıq rayonlarda sel və daşqın riskini artıra bilər. Lakin yay aylarında El-Ninonun yaratdığı yüksək buxarlanma su ehtiyatlarının idarə olunmasını çətinləşdirə bilər. El-Nino birbaşa Xəzər dənizinə təsir etməsə də, Volqa çayı hövzəsindəki yağıntı modellərini dəyişdirə bilər. 2026-cı ilin ikinci yarısı üçün proqnozlaşdırılan mənzərə, qlobal iqtisadiyyatın strateji gündəmini müəyyən edən fundamental sınaqlarla xarakterizə olunacaq. Bununla yanaşı, yaz aylarındakı qeyri-sabit yağıntılar taxılçılıq və meyvəçilik üçün, yay aylarında isə kəskinləşən su qıtlığı və enerji resurslarına tələbatın dinamik artımı iqtisadi sabitlik üçün əlavə risklər yarada bilər”.
Xatırladaq ki, bu gün günün ikinci yarısından hava şəraiti yenidən dəyişəcək və növbəti günlərdə qış soyuğu müşahidə olunacaq.













