Müasir dövrdə smartfonlar həyatın ayrılmaz hissəsidir. Lakin istər “Android”, istərsə də “iOS” əməliyyat sistemi ilə çalışan telefonlar zaman keçdikcə köhnəlir və ilk günkü yüksək keyfiyyətini itirir.
Bir neçə illik istifadədən sonra cihazın ciddi şəkildə zəiflədiyini, hətta ən sadə əməliyyatlarda belə donduğunu müşahidə etmək mümkündür. Bu cür can sıxıcı problemlərlə qarşılaşan istifadəçilərin ağlına gələn ilk fikir çox vaxt yeni bir telefon almaq olur.
Halbuki, yeni cihaz üçün böyük büdcə ayırmaq əvəzinə, mövcud smartfonun gücünü və keyfiyyətini artıracaq bəzi sadə üsulları tətbiq etmək daha məntiqlidir.
Gündəm24.az xəbər verir ki, mütəxəssislər bildirib ki, məhz 5 effektiv üsul telefonu möcüzəvi şəkildə tamamilə yeniləməsə də, gündəlik istifadədə gözləniləndən daha ciddi sürətlənmə təmin edəcək. Siyahının ilk pilləsində tətbiqi ən sadə, lakin nəticəsi baxımından ən effektiv üsul qərarlaşıb. Uzun müddət söndürülmədən işləyən telefonlar arxa planda yığılıb qalan müvəqqəti məlumatlar (keş) və xətalı xidmətlər səbəbindən ağırlaşır. Cihazı həftədə bir dəfə müntəzəm olaraq yenidən başlatmaq RAM yaddaşındakı lazımsız dataları tamamilə təmizləyir və sistemə rahatlıq gətirir. Smartfonların donmasının ən geniş yayılmış səbəblərindən biri daxili yaddaşın tamamilə dolmasıdır. Yaddaş kritik səviyyəyə çatdıqda, əməliyyat sistemi öz fundamental funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir və proqramlar gec açılır və yenilənmələr quraşdırıla bilmir.
Bu problemi həll etmək üçün artıq istifadə etmədiyiniz tətbiqləri, lazımsız fotoşəkilləri və böyük həcmli videoları silmək mütləqdir. Telefon istifad edilməsə belə, arxa planda gizlicə işləməyə davam edən proqramlar performansın 1 nömrəli düşmənidir. Onlar həm prosessoru yükləyir, həm də RAM tutumunu doldurur.
“iPhone istifadəçiləri “Ayarlar”, “Ümumi”, “Arxa planda tətbiqlərin yenilənməsi” menyusundan bu funksiyanı qapada bilər. “Android” istifadəçiləri isə “Ayarlar, “Bağlantılar”, “Data istifadəsi”, “Mobil data istifadəsi” ardıcıllığı ilə istənilən tətbiqin arxa planda internet xərcləməsini və işləməsini saniyələr içində məhdudlaşdıra bilərlər. İstehsalçıların təqdim etdiyi proqram təminatı yenilənmələri sadəcə vizual dəyişikliklər deyil, həm də kritik performans təkmilləşdirmələridir. Yenilənmələr sistemdəki mövcud səhvləri düzəldir və cihazı kiber təhdidlərdən qoruyur.
Yenilənməyən telefon həm ləngiyir, həm də təhlükəsizlik baxımından zəifləyir. Cihazınızı hər zaman ən son versiyada saxlamağa diqqət edin. Əgər yuxarıda qeyd olunan bütün üsulları yoxlamağınıza rəğmən telefonunuz hələ də istənilən sürəti vermirsə, daha radikal addım atmaq lazımdır. Bu zaman ən son çarə olaraq cihazı tamamilə sıfırlaya bilərsiniz. Bu proses telefondakı bütün şəxsi tənzimləmələri və sonradan yazılan proqramları silərək təmizləyir. Beləliklə, smartfonunuz proqram təminatı baxımından qutudan ilk çıxdığı günkü kimi təmiz və sürətli vəziyyətə qayıdır./Sfera.az














