Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan sakinlər uzun illərdir yol və kanalizasiya problemlərindən əziyyət çəkdiklərini bildirirlər.
Gündəm24.az bildirir ki, Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə 20 ildən artıqdır yollar əsaslı təmir olunmayıb.
Onların sözlərinə görə, pensiya alan sakinlər pensiyalarından, işləyənlər isə maaşlarından müəyyən məbləğ ayıraraq yola müxtəlif materiallar töküb, hərəkətin mümkün olması üçün şərait yaratmağa çalışıblar. Lakin bu ilin mart-aprel aylarında yağan güclü yağışlar nəticəsində yollar yenidən dağılıb.
Sakinləri qarşıdan gələn payız mövsümü də narahat edir. Şikayəçilər qeyd ediblər ki, yağışlı havalarda yolların vəziyyəti daha da pisləşir və hər dəfə yolu öz hesablarına bərpa etmələri mümkün deyil.
Bundan əlavə, sakinlər məhəllədə ümumi kanalizasiya sisteminin olmadığını deyirlər. Çirkab suların kanal istiqamətinə axıdılması, yağışlı havalarda isə suyun səviyyəsinin qalxması küçələrin və həyətlərin su altında qalmasına səbəb olur.
Vətəndaşlar həmçinin ərazidə marşrut xətlərinin olmadığını və bunun gediş-gəlişdə çətinlik yaratdığını qeyd edirlər.
Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və xüsusilə yol və kanalizasiya problemlərinin həll olunmasını xahiş edirlər.














