Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarına yenidən başlayacaq. Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat yayıb. Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık limanı – Bakı limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib. Bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.

Səfir bildirib ki, Azərbaycan Qazaxıstanın təklifini dəstəkləyib. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar.
Bakupost-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, marşrutun bərpa olunması özlüyündə müsbət addımdır. Onun sözlərinə görə, bu marşrutun turizm və digər sahələrdə köklü dəyişikliklərə səbəb olacağını gözləmək sadəlövhlük olardı.
Bəs su sərhədimiz açıldısa, növbəti mərhələdə quru sərhədlərimiz də açıla bilərmi? Ən azı Gürcüstana açılması gözləntisi var. 2027-ci ildə də quru sərhədlərimiz bağlı qalacaq?
Politoloq Elxan Şahinoğlu isə Musavat.com-a deyib ki, Azərbaycanla Qazaxıstan arasında Xəzər üzərindən sərnişin daşımalarının bərpası regional əlaqələrin genişləndirilməsi baxımından müsbət addımdır və növbəti mərhələdə qonşu ölkələrlə quru əlaqələrin bərpası məsələsini də aktuallaşdıra bilər: “Azərbaycan daha əvvəl Gürcüstanla dəmir yolunu bərpa etməyə qərar verdi. Bu dəfə isə Azərbaycanla Qazaxıstan arasında Xəzərdə dəniz daşımaları barədə razılıq əldə olunub. Növbəti mərhələdə qonşu ölkələrlə quru sərhədin açılması aktuallaşacaq”.
Politoloq vurğulayıb ki, Azərbaycan bu məsələdə təhlükəsizlik amilini nəzərə almalıdır: “Rusiya-Ukrayna müharibəsi, İranla-ABŞ arasındakı qarşıdurmanın Cənubi Qafqaz bölgəsinə də mənfi fəsadları mövcuddur. Ancaq quru sərhədi nə vaxtsa açmaq lazım gələcək. Birincisi, sərhədlərimiz boyunca soydaşlarımız yaşayır. Azərbaycan dünyada bəlkə də nadir ölkələrdəndir ki, sərhədlərimiz soydaşlarımızın yaşadığı ölkələrlə əhatə olunub. Soydaşlarımız isə Azərbaycanla quru yolla əlaqə saxlamaq istəyirlər. Sərhədlərimizin bağlı qalması soydaşlarımızın gediş-gəlişinə təsir edib. Təyyarə biletləri bahadır və soydaşlarımızın bu vasitədən istifadə etmələri çətindir”.

İkincisi, analitikin fikrincə, quru sərhədlərinin bağlı qalması turizmin inkişafına da mənfi təsir edir: “Bu baxımdan da sərhədlərin açılması mövzusu aktualdır. Üçüncüsü, sərhədyanı bölgələrdə yaşayanlar qonşu ölkələrlə alış-veriş edir və bu yolla ailələrini dolandırırdılar. Sərhədlərin bağlı qalması onlara da mənfi təsir edib. Əlbəttə, dövlət təhlükəsizlik məsələləri hər zaman ön planda saxlamalıdır. Azərbaycanın müvafiq dövlət strukturları bunu təmin etmək iqtidarındadırlar və quru sərhədlərin açılması durumunda işlərinin öhdəsindən layiqincə gələcəklər”.














