Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarus və Bryansk istiqamətindən Ukraynaya hücum variantlarını nəzərdən keçirdiyini bildirib. Zelenski bu barədə hərbi rəhbərlik, kəşfiyyat, Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə keçirilən müşavirədən sonra danışıb. Prezident qeyd edib ki, Kiyev Çerniqov-Kiyev istiqamətində müdafiəni gücləndirmək üçün artıq addımlar atır. Onun sözlərinə görə, Ukrayna həm Belarus, həm də Rusiyanın müəyyən bölgələrindən gələn təhlükələrə qarşı preventiv tədbirlər görür.
Bəs Rusiya bu hücumla nəyə nail olmaq istəyir? Donbasın güzəştə getməsi üçün təzyiq hesab etmək olarmı?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Şəhla Cəlilzadə ilk növbədə Rusiya və Belarusun hərbi ittifaqının son vəziyyətinə diqqət çəkib:
“Rusiya Belarusla vahid ittifaq dövlətidir. 2025-ci ildə İttifaq dövlətinin təhlükəsizlik təminatına dair yeni saziş ratifikasiya olundu ki, bu da Rusiyaya Belarus ərazisində nüvə silahı yerləşdirmək imkanı verir. Düzdür, ekspertlər hələ ki nüvə silahının Belarusa gətirilmədiyini, müvafiq dislokasiya barədə təsdiqləyici sputnik məlumatlarının olmadığını bildirirlər. Lakin bunun üçün bütün infrastruktur imkanları və hüquqi baza tam mövcuddur. Silahların yerləşdirilməsi sadəcə an məsələsidir”.

Ş.Cəlilzadə bu iki dövlətin Ukrayna müharibəsi kontekstində vahid mövqedən çıxış etdiyini xatırladıb:
“2022-ci ilin fevralında, müharibənin ilkin mərhələsində Rusiya məhz Belarus ərazisindən istifadə edərək Ukraynaya hücuma keçmişdi. Lakin Avropanın çoxsaylı sanksiyaları və güclü təzyiqləri qarşısında rəsmi Minsk Rusiyanın öz ərazisindən hücumlarını dayandırmaq məcburiyyətində qalmışdı. Məhdudiyyətlərə rəğmən, iki ölkə arasında birgə hərbi təlimlər bu günədək davam edir. Həm 2022-ci il müharibəsindən az öncəki hərbi hazırlıqlar, həm də 2025-ci ildə keçirilən “Qərb – 2025” birgə hərbi təlimləri ciddi mesajlardan xəbər verir. Təbii ki, Ukrayna bunu çox böyük həyəcanla qarşıladı. NATO Baş katibi Mark Rutte də sərt bəyanatla çıxış edərək, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadəsinin tamamilə yolverilməz olduğunu bildirdi. Rusiya qeyri-strateji (taktiki) nüvə silahından istifadənin yalnız dövlətin varlığına təhdid yaranarsa mümkün ola biləcəyini 2024-cü ildə nüvə doktrinasına etdiyi düzəlişlə rəsmən bəyan edib”.
Ekspert vurğulayıb ki, hazırda nüvə silahı reallıqdan daha çox psixoloji üstünlük və çəkindirmə gücü olaraq çıxış edir:
“Rusiya-Belarus ittifaqının bu birgə nüvə nümayişini sadəcə Ukrayna deyil, qlobal kontekstdə, o cümlədən İran cəbhəsi müstəvisində də qiymətləndirmək lazımdır. Çünki bu yaxınlarda ABŞ də nüvə silahı daşıyan sualtı gəmisini İrana təhdid olaraq nümayiş etdirmişdi. Başqa sözlə, supergüclər öz “gövdə nümayişlərini” qarşı tərəfi hansısa güzəştlərə məcbur etmək üçün həyata keçirirlər”.














