Bölgələrdə və paytaxt Bakıda aprel ayından başlayan anomal yağıntıların may ayında da intensiv şəkildə davam etməsi kənd təsərrüfatı sektorunda ciddi narahatlıqlara yol açıb. Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına görə, təkcə mayın 17-də qeydə alınan yağıntının miqdarı 40-55 mm olmaqla, aylıq normanın 203-279 %-ni təşkil edib. Normadan bir neçə dəfə çox düşən bu cür anomal leysanlar və sel suları aqrar sektorda məhsul qıtlığı təhlükəsini gündəmə gətirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaz mövsümündə torpağın həddindən artıq rütubətlənməsi bitkilərin kök sistemini zədələyir, vegetasiya dövrünü ləngidir və müxtəlif göbələk xəstəliklərinin yayılmasına münbit şərait yaradır. Xüsusilə dənli bitkilər, meyvə-tərəvəz sahələri və açıq qruntda yetişdirilən məhsullar bu növ təbiət hadisələrindən birbaşa zərər görür ki, bu da payızda həm qıtlığa, həm də bazarlarda kəskin qiymət artımına səbəb ola bilər.
Məsələ ilə bağlı NOCOMMENT.az-adanışan kənd təsərrüfatı eksperti Nazim Sarıyev qeyd edib ki, normadan qat-qat artıq düşən yağıntılar cari mövsümdə məhsuldarlığı ciddi şəkildə aşağı salacaq: “May ayı kənd təsərrüfatında bir çox bitkilərin çiçəklənmə və formalaşma dövrüdür. Belə bir vaxtda aylıq normanın qısa müddətdə 200 faizdən çox yağması sahələrin su altında qalmasına, torpağın nəm qatının normadan artıq doymasına gətirib çıxarır. Nəticədə bitkilər oksigen ala bilmir, kök çürümələri başlayır və məhsul tam yetişmədən məhv olur. Xüsusilə taxılçılıq və erkən tərəvəzçilik sahələrində artıq itkilər qaçılmazdır. Bu gedişat davam edərsə, payız mövsümündə yerli məhsulların tədarükündə kəskin azalma müşahidə edəcəyik ki, bu da birbaşa qıtlıq və bahalaşma deməkdir”.
Onun sözlərinə görə, bu cür anomal hava şəraiti fermerlərin xərclərini ikiqat artırır və dövlətin dəstək mexanizmlərini zəruri edir: “Həddindən artıq rütubət təkcə fiziki tələfata yox, həm də kütləvi bitki xəstəliklərinə və zərərvericilərin artmasına yol açır. Fermerlər sahələri xilas etmək üçün əlavə aqrokimyəvi dərmanlamaya getmək məcburiyyətindədirlər ki, bu da məhsulun maya dəyərini artırır. Aqrar sığorta sisteminin bu prosesdə operativ hərəkət etməsi, zərərçəkən fermerlərin monitoringinin dərhal aparılması vacibdir. Əgər indidən tədbir görülməsə və sel sularının sahələrdən kənarlaşdırılması üçün drenaj sistemləri düzgün qurulmasa, payızda daxili bazarda bəzi kənd təsərrüfatı mallarının tapılmasında ciddi problemlər yaşayacağıq”.














