İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Ağıllı İqtisadiyyatlar: Süni İntellekt, İnnovasiya və Rəqəmsal Transformasiya” mövzusunda tədbir keçirilir.
Gündəm24.az xəbər verir ki, tədbirdə süni intellektin tətbiqinin məhsuldarlığın artırılmasına, biznes transformasiyasına və iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsinə təsiri; ağıllı iqtisadiyyatın əsasını təşkil edən rəqəmsal infrastruktur, bulud texnologiyaları, bağlantı imkanları və məlumatlardan istifadə potensialı; texnologiya şirkətlərini, startapları, iri biznesləri və dövlət qurumlarını bir araya gətirən innovasiya ekosistemlərinin formalaşdırılması; dövlət xidmətlərində, sənayedə və cəmiyyətdə məsuliyyətli, dayanıqlı və genişmiqyaslı rəqəmsal transformasiyanın həyata keçirilməsi kimi məsələlər müzakirə olunur.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, texnologiyanın mənimsənilməsi süni intellektin məsuliyyətlə, təhlükəsiz şəkildə və miqyasda inkişaf etdirilib tətbiq oluna biləcəyi bir mühitin qurulmasını tələb edir. Nazir müavininin sözlərinə görə, bu, əlaqələndirilmiş yanaşma tələb edir:
“Ölkələr bunu başa düşürlər. Tarixə nəzər salsaq, 2019-cu ildə təxminən 30 ölkənin süni intellekt strategiyası var idi, bu gün isə 100-dən çox ölkə öz süni intellekt strategiyasını qəbul edib. Erkən qoşulanların bəziləri artıq öz strategiyalarının ikinci və ya üçüncü versiyalarına sahibdirlər. Hətta ən qabaqcıl ölkələr belə vizyonlarını həyata keçirmək və icra etməkdə bəzən uğursuzluğa düçar olublar. Ona görə də bu gün məsələ təkcə vizyonda deyil, həm də icranın sürəti və keyfiyyətindədir”.//musavat.com













