Sumqayıtda illərlə qaranlıq qalan ərazi işıqlandırılıb.
Söhbət 5-ci mikrorayonunda yerləşən 8/12 saylı yataqxananın qarşısındakı ərazidən gedir. Sakinlər Sumqayit24.az-a bildiriblər ki, burada uzun illər küçə işıqlandırması olmadığından axşam saatlarında ətraf tamamilə qaranlığa qərq olurdu. Bu isə həm piyadaların hərəkətini çətinləşdirir, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq yaradırdı.
Onların sözlərinə görə, insanlar axşam saatlarında evdən rahat çıxıb harasa gedə bilmir, qaranlıq səbəbindən ətrafı görmək mümkün olmurdu.
Çoxsaylı müraciət və şikayətlərdən sonra məsul qurum tərəfindən əraziyə yeni işıq dirəkləri quraşdırılıb. Bununla da uzun müddətdir davam edən problem aradan qaldırılıb.














